Ekoloji təmiz məhsul almaq üçün yeni sistem hazırlanıb

Kənd təsərrüfatında ekoloji təmiz məhsul almaq üçün bir sıra bitkilər üzrə inteqrir bitki mühafizəsi tədbirləri sisteminin ilkin variantları hazırlanıb.

Azfood.az xəbər verir ki, bu fikir Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda (BMTB ETİ) “Azərbaycanın pambıq istehsalında pambığın zərərli orqanizmlərə qarşı inteqrir mübarizə tədbirlərinin tətbiqi” mövzusunda keçirilən elmi-praktiki seminarda səsləndirilib.

Elmi–praktik seminarı açan Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elçin Xəlilov tədbir iştirakçılarına Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi layihəsi çərçivəsində əməkdaşlıq əlaqələrindən danışıb. O, həmçinin institutun əməkdaşlıq etdiyi digər layihələr haqqında da məlumat verib.

Seminarda çıxış edən ADAU-nun rektoru İbrahim Cəfərov kənd təsərrüfatında bitki mühafizəsinin rolundan söz açıb.

Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müşaviri Camal Quliyev inteqrir mübarizənin əsas elementləri və təbii tənzimləmə amillərinin nəzərə alınması yolu ilə bütün mühafizə üsullarından istifadə haqqında məruzə ilə çıxış edib.

Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi Şükür Əhmədov isə Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramının Tədbirlər Planında əsas kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsi üzrə inteqrir mübarizə sistemlərinin hazırlanması və tətbiqinə dair tədbirlərin həyata keçirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Qeyd edilib ki, artıq bir sıra bitkilər üzrə inteqrir bitki mühafizəsi tədbirləri sisteminin ilkin variantları hazırlanıb.

BMTB ETİ-nin Abşeron Təcrübə Stansiyasının direktoru Cəbrayıl Ağayev 2000-2019-cu illərdə institutun stansiyasında bitki zərərverici və xəstəliklərinə qarşı inteqrir mübarizədə tətbiq edilmiş bioloji mübarizə vasitələri, bitki xəstəlik və zərərvericilərinə qarşı bioloji mübarizənin əhəmiyyəti və istiqamətləri haqqında tədbir iştirakçılarını məlumatlandırıb.

Elmi-Tədqiqat İnstitutunun alimi Ələddin Tağıyev Azərbaycanın yerli pambıq sortlarından bəhs edən elmi məruzəsində bu sortların davamlılığının inteqrir mübarizədə rolunu vurğulayıb.

Seminar çərçivəsində tədbir iştirakçıları layihənin tətbiq edildiyi sahədə olublar. Pambıq tarlasında fermerləri inteqrir mübarizə haqqında maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

AzFood

Next Post

Şabran rayonu ildə 300 ton yun qəbul edəcək

Be Sen 30 , 2019