– Tort bişirilən formanı sobadan çıxardıb soyuq suda isladılmış əsginin üstünə qoysanız, tort formadan asan çıxar.
– Yağı tez yumşaltmaq üçün onu bir qaba xırda-xırda doğrayın və qabı isti su olan qazanın içinə qoyun.
– Evdə bişirilən peçenye yanmışsa, soyuyandan sonra narın sürtgəclə üstünü qaşıyın və şəkər kirşanı səpin.
– Bişəndən sonra tortu, keksi formada, ya da tavada saxlamaq olmaz, o saat çıxartmaq, salfetin üstünə qoyub soyutmaq lazımdır.
– Qoz ləpəsini torta və piroqa əlavə etməzdən əvvəl bir qədər qovurmaq lazımdır. Onda qozun ətri yaxşılaşır.
– Əgər tort üçün olan biskviti ortadan 2 laya bölmək istəyirsinizsə, tortun qırağından bıçaqla kəsin, ora bərk sap salın və bu ipin köməyi ilə biskviti bölün.
– Tortun aşağıdakı layı üst layına nisbətən daha az şirələnməlidir.
– Biskvit xəmiri, tort, keks orta qızdırılmış sobada bişirilir. Sobanı ilk 15 dəqiqə ərzində açmaq olmaz.
– Xəmirdə yağ çox, su isə nə qədər az olarsa, bir o qədər çox ovular.
– Laylı xəmiri yoğurandan sonra 1 saat ərzində soyuq yerə qoysanız, yaxşı yayılar və oxlova yapışmaz.
– Xəmirdə şəkər çox olduqda bişirilən məmulat tez yanır, xəmir gec gəlir və yumşaq olmur. Şəkər az olduqda isə bişirilən məmulat yaxşı qızarmır.
– Xəmirə soda çox vurulubsa, məmulatın rəngi tünd, xoşagəlməz iyi və dadı olacaqdır.
– Soda tamamilə neytrallaşsın deyə, xəmir yoğurarkən sodanın üstünə bir az sirkə, ya da limon şirəsi tökmək lazımdır. Sodalı xəmiri çox yoğurmurlar, çünki yapıxır və yumşaq olmur.
– Biskvit xəmiri hazırlanarkən çox yoğrulmur, çünki xəmir yapıxır və məmulat bərk olar.
– Biskvit xəmirini uzun müddət saxlamaq olmaz.
– Blinilərin xəmirinə bişməmişdən bir az əvvəl yaxşı çalınmış yumurta ağı əlavə etsəniz, onlar daha yumşaq və dadlı olar.
– Kəsmiyin tərkibində su nə qədər az olarsa, ondan hazırlanan peçenye bir o qədər dadlı olar.
– Xəmirə əlavə etdikdən əvvəl kəsmiyi süzgəcədən sıxmaq lazımdır.
– Yağda qızardılan pirojkilərin xəmiri duxovkada bişirilən pirojkilərin xəmirinə nisbətən yumşaq olmalıdır.
– Pirojki bişirərkən yağ köpüklənməsin deyə, tavaya bir az xörək duzu tökmək lazımdır.
– Yumurtanın ağı şüşə və plastik qabda çalınır. Alüminium qabı istifadə etmək olmaz, ona görə ki, yumurtanın ağı onun içində qarala bilər, emallı qab isə çatlaya bilər.
– Yumurta ağını çalmazdan əvvəl soyutmaq lazımdır. Çalındıqda yumurta ağının həcmi 5-7 dəfə artdığı üçün, yumurta çalınacaq qabı seçdikdə bu, nəzərə alınmalıdır.
– Xəmir yoğrulmamışdan əvvəl un mütləq ələnməlidir, belə olduqda un hava ilə qarışır və xəmir çox zərif olur.
– Ev şəraitində şirniyyat hazırladıqda yalnız əla növ undan istifadə edin.
– Mayalı xəmiri yağlanmış əllərlə götürdükdə əllərə yapışmır.
– Əgər xəmirin tez acımasını istəyirsinizsə, xəmirə bir neçə makaron batırın.
– Mayalı xəmirin yağı nə qədər çox olsa, bir o qədər çox ovular.
– Hazır məmulatların üstü qızılı rəng alsın deyə, bişirməzdən əvvəl xəmirin üzərini süd, yumurta, duzlu və ya şirin su çəkin.
– Xəmirə mütləq bir qədər duz tökmək lazımdır (500 q una 5 q duz). Bu məmulatın dadını yaxşılaşdırır.
– Xəmirə əlavə olunan bütün inqrediyentlər eyni temperaturda olmaldır. Bu səbəbdən bütün lazım olan məhsulları (yağ, süd, xama) qabaqcadan soyuducudan çıxardıb otaq temperaturunda saxlamaq lazımdır.