Azərbaycanda Yüksək Texnologiyalar Parkında kartof fri və çipsi istehsal ediləcək

Aprelin 15-də AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.

Azfood.az fins.az-a istinadən bildirir ki, bu barədə AMEA Yüksək Texnologiyalar Parkından məlumat verilib.

“Zoom” platforması üzərindən baş tutan tədbir “TAK NOOSH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim edilən layihənin müzakirəsinə həsr olunub.

İclasda əvvəlcə “TAK NOOSH GROUP” MMC-nin nümayəndəsi Şərarə Niktaq kartof fri və çipsi istehsalının təşkili yönümlü investisiya layihəsi haqqında məlumat verib. Bildirib ki, bu layihə müəssisənin istehsal xərclərinin minimuma endirilməsi, kommunal xərclərin azaldılması və müasir texnologiyaların tətbiqi ilə yeni emal müəssisəsinin yaradılmasını hədəfləyir, eyni zamanda yüksək keyfiyyətli məhsul istehsalını planlaşdırır.

Əhalinin ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunmasının iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil etdiyini vurğulayan Ş.Niktaq layihə çərçivəsində istehsal olunacaq məhsulun əhalinin ərzaq rasionunda başlıca yer tutan məhsullardan hesab edildiyini və onlara daxili bazarda hər zaman tələbat olduğunu diqqətə çatdırıb.

Hazırda Azərbaycanda bu məhsulların istehsal olunmadığını deyən şirkət nümayəndəsi gələcəkdə AMEA-nın Botanika İnstitutu ilə əməkdaşlıq edərək kartof fri və çipsi üçün yararlı kartof növünün yetişdirilməsinin nəzərdə tutulduğunu deyib. O, palma kimi zərərli yağlardan istifadə etmədən keyfiyyətli məhsulların istehsal olunacağını söyləyib. Eləcə də uşaqlar üçün xüsusi kateqoriya üzrə çipsi və frilərin hazırlanmasının nəzərdə tutulduğunu vurğulayıb.

Müzakirələrdə iştirak edən Ekspertlər şurasının üzvləri akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvləri Oqtay Səmədov, Bəxtiyar Məmmədov və tex.ü.f.d., dosent Rəşid Ələkbərov məhsulun ekoloji təsirləri, xammalın və hazır qidanın keyfiyyətinə nəzarət, eləcə də texnoloji prosesin effektiv idarə olunması ilə bağlı suallarla çıxış ediblər.

Sonra “TAK NOOSH GROUP” MMC-nin YT Parkın rezidenti kimi qəbul edilməsinə dair səsvermə keçirilib. Səsvermənin nəticələrinə əsasən, adıçəkilən iddiaçıya rezident statusu verilməsi qərara alınıb.

Sonda çıxış edən “TAK NOOSH GROUP” MMC-nin direktoru Ramin Tabibian ölkədə sahibkarlara əlverişli investisiya mühiti yaradıldığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib və YT Parkla əməkdaşlığın davamlı olacağını vurğulayıb. O, həmçinin yaradılan tərəfdaşlıq imkanlarına görə AMEA rəhbərliyinə təşəkkürünü bildirib.

Səma Fərzəli

Next Post

Bu il Saatlıda 14 min hektara yaxın sahədə pambıq əkiləcək

Be Apr 19 , 2021
Respublikanın ən iri pambıqçılıq rayonu olan Saatlıda cari ilin məhsulu üçün çiyid səpininə başlanılıb. Azfood.az fins.az-a istinadən xəbər verir ki, bu barədə Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən mlumat verilib. Bu il Saatlıda 13 min 950 hektar sahədə pambıq əkini aparmaq nəzərdə tutulub. Ötən il ölkə üzrə ən çox “ağ qızıl” […]